Siz bizim [[countryName]] ([[languageName]]) vebsaytımızdasınız.

Gələcəyə dair baxışlarımız və inanclarımız

Dünya miqyasında "Derek Prince Ministries" Müqəddəs Kitabı gecə-gündüz tədris edir, Müqəddəs Kəlamın həyatı dəyişdirən gücünü Müqəddəs Kitab həqiqətinə son dərəcə ehtiyacı olan bir dünya ilə bölüşür.

Biz kimik

"Derek Prince Ministries" inanır ki, insanlar İsa ilə qarşılaşdıqda həyatları dəyişir. Şagirdlik və Allah Kəlamının sağlam təlimi vasitəsilə biz möminlərin zehnini qidalandırır, ürəklərini cəsarətləndirir və əllərini gücləndiririk ki, bu qarşılaşmanın dolğunluğunda yaşasınlar.

Tanınmış beynəlxalq Müqəddəs Kitab müəllimi Derek Prinsin mirası və adaşı olan bu xidmət, imanlılar cəmiyyətlərini, missionerləri, məsihçi müəllimlərini və dünyada milyonlarla mömini təmin edir. Fəaliyyəti altı qitəni əhatə edən 45-dən çox milli və xarici ofislə "Derek Prince Ministries" və Məsih üçün şagird hazırlayan şagirdlik səylərimiz üzərində günəş heç vaxt batmır.

Missiyamız

Biz nə edirik

Hər gün biz Müqəddəs Kitabı öyrədir və imanlıları İsanı tam iman, hikmət və həqiqətlə izləmələri üçün təchiz edirik.

Derek Prinsin təlimləri vasitəsilə biz möminləri onların məsihçi həyatlarının hər mərhələsində şagird edirik. Məsih mərkəzli regional ofislərimiz məsihçi şagirdliyinin ön sıralarında fəaliyyət göstərir. Ruhani aclıqla mübarizə apararaq geniş xidmət və resurslarla həqiqi fərq yaradır. Bura daxildir:

Liderlərə verilən təlim:

Yerli imanlılar cəmiyyətinin rəhbərləri və pastorlarla əməkdaşlıq edərək, yerli xidmətləri gücləndirmək üçün çox ehtiyac duyulan resurslar və tədris materialları təqdim edirik.

Təhsil resursları:

Kitablar, video, audio və onlayn formatlarda mövcud olan tədris vəsaitlərini nəşr edib hər yerdə olan imanlıları təchiz etmək üçün paylayırıq. İstehsal etdiyimiz materialların əksəriyyəti pulsuz olaraq verilir.

Tərcümə

Arzumuz insanların Müqəddəs Kitaba əsaslanan sağlam təlimləri özlərinin başa düşdükləri dildə əldə etmələridir.

Müqəddəs Kitab tədris kursları:

Möminləri maarifləndirmək və təchiz etmək üçün həm yazışma ilə, həm də müstəqil öyrənilən Müqəddəs Kitab kursları təqdim edirik.

Təbliğat:

Biz Allahın Kəlamının gücünü və səlahiyyətini təbliğ edirik; imanlıları evdə, imanlılar cəmiyyətində, məktəbdə və internetdə Müqəddəs Kitab haqqında biliklərini və anlayışlarını artırmağa təşviq edirik.

Yenilik:

"Derek Prince Ministries" innovativ layihə və təşəbbüslər vasitəsilə əvvəlkindən daha çox insana məlumat çatdırır. Rəqəmsal xidmətimiz sosial media, videolar, məqalələr, əlavələr və digər vasitələrlə insanlarla onlayn əlaqə qurmaq üçün texnologiyadan istifadə edir.

Tarix

Hər şey 1971-ci ildə Derek Prinsin Floridanın Fort Lauderdeyl şəhərindəki evinin qarajında rəsmi olaraq bir ofis açması ilə başladı. Əvvəlcə "Derek Prins Nəşriyyatı" kimi tanınan bu təşkilat Derek Prinsin çiçəklənən Müqəddəs Kitab təlim xidmətinin bəhrəsi idi. Bu xidmətin toxumu 1944-cü ildə Rəbbin ona dediyi sözlərlə səpilmişdi:

"Sənə bir çoxları üçün Məsih İsada olan həqiqət, iman və məhəbbətlə Müqəddəs Yazıların müəllimi olmaq tapşırılır".

Bu sözlər Derek Prinsin ruhani aclıq çəkənləri qidalandırmaq səylərini alovlandırdı və onu "Müqəddəs Kitab üzrə müstəqil öyrənmə kursu" (1969), "Azad edən həqiqət" (1966), "Tövbə və iman" (1966), eləcə də, digər kitablar yazmağa və öz hesabına nəşr etdirməyə ruhlandırdı. Bu kitabların uğuru və Allahın sədaqətinin bir sübutu olaraq, "Derek Prins Nəşriyyatı" durmadan artan tələblə böyüdü.

1972-ci ilə qədər iş həcmi Derekin tək işçi kimi imkanlarını aşmışdı və kömək üçün David Selby (kürəkəni) dəvət edildi. Birlikdə onlar inkişaf edən xidmət üçün radio yayımlarına qoşularaq və yeni kitablar nəşr etdirərək bir yol müəyyənləşdirdilər.

1980-ci illər ərzində Yeni Zelandiya, Cənubi Afrika, Avstraliya, Kanada, Birləşmiş Krallıq və Hollandiyada xarici ofislər açıldı. Onların xalqları şagird etmək arzuları daha da möhkəmləndi. Onuncu ilin sonunda Derek Müqəddəs Kitab üzrə təlimlər verərək üç dünya səyahətini bitirdi. Onun radio proqramları altı qitədə və on dildə geniş yayımlanırdı.

1990-cı ildə "Derek Prince Nəşriyyatı" rəsmi olaraq "Derek Prince Ministries" adlandırıldı. Pulsuz Müqəddəs Kitab təlim materiallarının paylanması 140 ölkəyə çataraq genişləndi. Derekin kitabları artıq 50-dən çox dildə mövcud idi.

Bu gün "Derek Prince Ministries" dünyanın 45-dən çox ölkəsində ofislərə malikdir və Müqəddəs Kitabı hər millətdə, mədəniyyətdə və dildə öyrətməyə tam sədaqətli olaraq qalır. Xidmətin böyüməsi və uğuru, Rəbbin 1941-ci ildə Derekə verdiyi peyğəmbərlik sözünü təsdiqləyir:

"Kiçik bir axın kimi olacaq. Axın böyüyüb bir çaya çevriləcək. Çay böyük bir çaya çevriləcək. Böyük çay dənizə çevriləcək. Dəniz qüdrətli bir okeana çevriləcək və bu, sənin vasitənlə olacaq; amma necə olacağını bilməməlisən, bilə bilməzsən, bilməyəcəksən".

Allahın bu Sözünə olan sədaqəti “Derek Prins Ministries”-i bu günə gətirib çıxartdı və bu xidməti “böyük okean”a çevirməyə davam edəcək.

Derek Prinsin yazılı, səsli və vizual materiallarının geniş arxivinə sahib olan xidmət, yeni kitablar nəşr etməyə davam edir. Bu günə qədər 100-dən çox kitab nəşr olunub və 100-dən çox dilə tərcümə edilib.

Bizim inancımız

İman bəyanetməsi.

  • Allah tək həqiqi və diri Allahdır, əbədi olaraq Ata, Oğul və Müqəddəs Ruh olmaqla üç şəxsdə mövcuddur; O, sonsuz, əbədi, məhəbbətində, mərhəmətində, gücündə, hikmətində və salehliyində dəyişməz bir Ruhdur.1
  • Rəbb İsa Məsih Allahın Oğludur; O, bakirə qızdan anadan doğulmaqla insan oldu; O, həm ilahiliyində, həm də insanlığında kamildir; O Öz həyatını insanların günahları üçün kamil və kifayət olan əvəz qurbanı olaraq könüllü verdi; Onun kəffarəsi sayəsində insan günahın cəzasından, təqsirdən və günahın təsirindən azad ola bilər; O, ölülərdən dirildi. İzzətlənmiş fiziki bədəndə dirilərək indi səmalarda olan möminlər üçün şəfaət edir; O Öz Padşahlığını qurmaq üçün izzətlənmiş bədənində yenidən gələcək.2
  • İlahi xüsusiyyətcə Müqəddəs Ruh, Ata Allah və Oğul Allah ilə eynidir; Məsihi Xilaskar olaraq qəbul edənlərdə yeni doğuluş möcüzəsini həyata keçirir və möminlərin daxilində yaşayır; onları xilas günü üçün möhürləyir; xidmət üçün onlara qüdrət verir; Məsih Bədəninin inkişafı üçün lütf ənamlarını (xarizma ənamlarını) verir.3
  • Həqiqət mütləq və obyektivdir. Xilas edən həqiqət Müqəddəs Yazıların Əhdi-Ətiq və Əhdi-Cədid adlanan hissələrindədir. İlhamla yazılmış və orijinal əlyazmalarda səhvsiz olan bu mətnlər Allahın insana verdiyi yazılı vəhyidir. Müqəddəs Kitab iman və əməllə bağlı bütün məsələlərdə ali və son səlahiyyətdir.4
  • İmanlılar cəmiyyəti Məsihin yer üzündə bir olan Bədənidir; möminlərin ünsiyyəti, ruhani inkişafı, məsihçi həyat tərzi və şəhadət vasitəsilə Müjdəni bütün xalqlara çatdırmaq üçün mövcuddur.5
  • İnsan Allahın surətində yaradılmışdı. Lakin Adəmin günahı ucbatından Allahdan uzaqlaşdı və əbədi cəzaya məhkum edildi. İnsanın bu vəziyyətindən yeganə çıxış yolu İsa Məsihin şəxsiyyətinə və işinə şəxsi imanla xilasdır.6
  • Fani və fövqəltəbii şəxsi varlıqlar mövcuddur. O cümlədən də günaha batmış mələklər və cinlər. Günaha batmış mələklərin başçısı olan Şeytan isə Allahın və insanın açıq və elan olunmuş düşmənidir. O, Od Gölünə məhkumdur.7
  • Həm xilas olanların, həm də həlak olanların bədəndə dirilməsi olacaq. Xilas olanlar əbədi həyata, həlak olanlar isə əbədi əzaba gedəcəklər.8
  1. Yeşaya 45:22,Zəbur 90:2;Yəhya 4:24;2 Korinflilərə 13:14
  2. Matta 1:18-25; Yəhya 1:14; Koloslulara 1:13-18; 1 Peter 2:24; Luka 24; İbranilərə 4:14; Matta 25:31-46
  3. Efeslilərə 4:30; 1 Korinflilərə 6:19; 12:4, 7, 12-13; Həvarilərin İşləri 1:5; Titusa 3:5
  4. Matta 5:18; 2 Timoteyə 3:15-17; 2 Peter 1:20-21
  5. Matta 28:19-20; Həvarilərin İşləri 1:6-8, 2:41-42; 1 Korinflilərə 12:13
  6. Yəhya 3:15-18; Efeslilərə 1:7; Romalılara 10:9-10
  7. İbranilərə 1:4-14; Yəhuda 6; Matta 25:41; Vəhy 20:10
  8. 1 Korinflilərə 15; Daniel 12:1-2; Yəhya 5:28-29; 2 Saloniklilərə 1:7; Matta 5:1-10
Müqəddəs Kitab Allahın Öz Kəlamıdır. Bu, Allahın hər yerdə olan bütün insanlara böyük hədiyyəsidir.

Derek Prins

Dili və yeri təyin edin

i
i